Qobustanda Novruzun gəlişi təntənə ilə qeyd olunub
Qobustan, 21 mart, AZƏRTAC
Xalqımız üçün ən əziz bayram olan Novruzun gəlişi Qobustan rayonunda da təntənə ilə qeyd olunub. Ümumrayon tədbirində rayon rəhbərləri, ictimaiyyət nümayəndələri, o cümlədən ahıllar, gənclər, yeniyetmələr iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbiri Qobustan Rayon Gənclər Mərkəzinin önündə iri tonqalın alışdırılması ilə başlanıb, sonra mərkəzin konfrans zalında davam etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov qobustanlıları bayram münasibətilə təbrik edib. O, Novruz kimi əziz və müqəddəs bayramların qeyd edilməsində ulu öndər Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin xüsusi xidmətləri olduğunu vurğulayıb.
Sonra bir-birini əvəz edən mahnılar, rəqslər, Kosa və Keçəlin şən zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.