Quba rayonunda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər
Bakı, 18 mart, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qarabağın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində bu rayondan olan şəhidlərin ailələrini mütəmadi ziyarət edir, qayğıları ilə maraqlanırlar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şöbənin əməkdaşları Novruz bayramı ərəfəsində Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların hərbi qulluqçuları - Afər Orucovun, Əsgər Əhmədovun, Cəlil Xeyrullayevin, Surxan Mehdiyevin və Orxan Ömərovun ailələrinə baş çəkiblər.
Görüşlərdə şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı qeyd olunub. Belə vətənpərvər igid övladlar böyütdükləri üçün şəhidlərimizin valideynlərinə minnətdar olduqlarını bildirən polis əməkdaşları gətirdikləri sovqatları onlara təqdim ediblər.
Şəhid hərbi qulluqçuların valideynləri göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan polisinə minnətdarlıqlarını ifadə ediblər.