Qubada bir gündə 10 mindən çox ağac əkildi VİDEO
Quba, 18 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasında bir gündə 10 mindən çox ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Quba-Xaçmaz yolunun Quba rayonu ərazisindən keçən hissəsinin kənarlarında yerli iqlim şəraitinə uyğun ağac tingləri əkilib.
Aksiyada Quba Rayon İcra Hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, Vətən müharibəsi iştirakçıları, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yol kənarlarını alaq otlarından, daşlardan təmizləyib, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.