Qubada şəhid kapitan Aqil Məlikovun xatirəsi anılıb
Quba, 7 aprel, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar təşkil olunan “Hər nə olsa şərəfimdir!” adlı tədbirdə Aqil Məlikovun şərəfli həyat və döyüş yolundan danışılıb.
Anım mərasimində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhid Aqil Məlikova həsr edilmiş videoçarx nümayiş olunub.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev çıxışlarında Azərbaycan Ordusunun 44 gün ərzində yağı düşmən üzərində qazandığı Zəfərdən söhbət açıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə Azərbaycan tarixinə yazılan şanlı bir səhifə olaraq xatırlanacaq və haqq döyüşünə qoşularaq canlarını fəda edən şəhidlərimiz daim tarixin əsl qəhrəmanları olaraq yaddaşlarda qalacaqlar.
Aqil Məlikov 1986-cı ildə Quba rayonun Alpan kəndində doğulub. Onda uşaq yaşlarından ermənilərə böyük nifrət formalaşıb. Çünki doğulub boya-başa çatdığı Alpan kəndi ötən əsrin əvvəllərində ermənilər tərəfindən yandırılaraq tamamilə məhv edilib, sakinləri isə soyqırımına məruz qalıb.
Tabor komandirinin müavini olan kapitan Aqil Niyaz oğlu Məlikov 2020-ci il sentyabrın 27-də erməni təxribatının qarşısını alarkən Füzulinin Qaraxanbəyli kəndində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Aqil, həmçinin 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Qəhrəman hərbçi "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", III dərəcəli "Qüsursuz xidmətə görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", “Vətən uğrunda" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Tədbirdə şəhid anası Tünzalə Abduləlimova, ehtiyatda olan polkovnik-leytenant Ayaz Qasımov, ADPU-nun Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, müəllim Rahib Sədullayev, Əməkdar həkim Cabir Məmmədov çıxış edərək vətənpərvər Azərbaycan oğlu Aqil Məlikovun şücaətindən danışıblar.
Şəhidin atası Niyaz Məlikov, həyat yoldaşı Günel Məlikova və qızı Xədicə Məlikli çıxışlarında Aqil Məlikovla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.