Qubada yəhudilərin Pesax bayramı qeyd olunur
Quba, 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Yəhudilərin azadlıq və bahar mənasını verən Pesax bayramı aprelin 11-də Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirinə qatılanlara Pesax bayramı və dağ yəhudilərinin Quba ərazisində məskunlaşmasının tarixi, eləcə də bayram adət-ənənələri haqqında məlumat verilib.
Bildirilib ki, dağ yəhudilərinin burada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.
Bayram tədbirində çıxış edənlər yəhudi və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərindən danışıb, bu əlaqələrin tarixi köklərə söykəndiyini qeyd ediblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisinin yaşadığını diqqətə çatdırıb. Bildirib ki, rayonda 60-a yaxın məscidlə yanaşı, yəhudilərə məxsus iki sinaqoq, muzey və dini icma da fəaliyyət göstərir. Burada doğulan, hazırda xarici ölkələrdə yaşayan dağ yəhudilərinin müqəddəs Pesax bayramını Vətəndə qeyd etmələri artıq ənənəyə çevrilib.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Pesaxın yəhudilərin ən sevilən bayramlarından biri olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda milli azlıqlara və dini icmalara böyük diqqət və qayğı ilə yanaşılır. Ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər şərait yaradılıb. Azərbaycan dünyanın nadir müsəlman ölkəsidir ki, burada yəhudilərin milli və dini bayramları yerli camaatla birlikdə təntənəli şəkildə qeyd olunur. Müxtəlif dini inanclara məxsus insanların yaşadığı ölkəmizdə heç vaxt dini zəmində münaqişə yaşanmayıb.
Builki Pesax bayramı Qırmızı qəsəbədə aprelin 5-dən başlayaraq qeyd olunur və 8 gün davam edir. Təntənəli şəkildə keçirilən bayram günlərində müxtəlif dini ayinlər icra olunur. Həmçinin dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqda ibadət edirlər. Tarixi mənbələrə görə, hələ 3500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün Tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə başlayıblar.
Pesax bayramı aprelin 13-dək davam edəcək.