Qubadakı “Vüsal” kafesində normativ tələblərin pozulduğu aşkarlanıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Quba şəhəri, 22-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Əliheydər Hüseynqulu oğlu Salmanova məxsus “Vüsal” kafesində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, kafedə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və korroziyaya davamlı materialla üzlənmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək kafedə işlərin görülməsi, xidmətlərin göstərilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib.