Qubadlı şəhərinin işğaldan azad edilməsi qələbəmizi yaxınlaşdırdı - ŞƏRH
Bakı, 25 oktyabr, AZƏRTAC
Bəzən bir günün arxasında bütöv bir xalqın həsrəti, mübarizəsi və qələbə əzmi dayanır. 25 oktyabr Azərbaycan xalqının yaddaşında doğma torpağa qovuşmağın sevincini, azadlığın qürurunu və tarixi ədalətin təntənəsini özündə birləşdirən daha bir əlamətdar tarixdir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə illərlə yurd həsrəti çəkən insanların qayıdış ümidləri gerçəkləşdi, Azərbaycanın tarixi Zəfər salnaməsinə daha bir şanlı səhifə yazıldı. Bu gün Qubadlı şəhəri günü kimi qeyd olunan 25 oktyabr doğma yurda bağlılığın, milli birliyin və azadlıq iradəsinin rəmzidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.
O qeyd edib ki, Qubadlı Azərbaycanın qədim tarixə, zəngin təbiətə, milli-mənəvi dəyərlərə və özünəməxsus mədəni irsə malik diyarıdır. Lakin 1993-cü ilin avqustun 31-də rayonun işğal olunması minlərlə insanın doğma torpağından didərgin düşməsinə, yaşayış məntəqələrinin və infrastrukturun dağıdılmasına səbəb oldu. Qubadlı uzun illər doğma sakinlərinin qayıdışını gözlədi.
"2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Qubadlının taleyində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərimizin peşəkarlığı və fədakarlığı nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Noyabrın 9-dək rayonun 41 kəndinin də azad olunması ilə Qubadlının bütövlükdə işğaldan qurtuluşu təmin edildi. Bu tarixi hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm əhəmiyyət daşıdı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlının azad edilməsi ilə bağlı səsləndirdiyi fikirlər həmin günün tarixi mahiyyətini ifadə edir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Qubadlının azadlığı yalnız hərbi qələbə deyil, həm də doğma yurda qayıdış ümidinin gerçəkləşməsi deməkdir. İşğal dövründə dağıdılmış evlərin, məktəblərin, sosial və mədəni obyektlərin yerində yeni həyatın qurulması, yolların və enerji infrastrukturunun bərpası, yaşayış məhəllələrinin və kəndlərin yenidən salınması bu torpağın gələcəyinə hesablanmış mühüm addımlardır.
Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi, şəhərdə ilk yaşayış məhəlləsinin tikintisinin başlanması, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması, yeni avtomobil yollarının çəkilməsi və elektrik enerjisi infrastrukturunun genişləndirilməsi rayonun gələcək inkişafının əsas istiqamətlərindəndir. Bu layihələr doğma torpaqlarına qayıdacaq sakinlərin rahat və təhlükəsiz yaşayışı, sosial rifahı və iqtisadi fəallığı üçün yeni imkanlar yaradır.
Qubadlıya qayıdış həm də tarixi yaddaşın, milli kimliyin və nəsillərdən-nəsillərə ötürülən yurd sevgisinin bərpasıdır. Uzun illər doğma el-obasının həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi, uşaqların bu torpaqda böyüməsi, yeni ailələrin qurulması və həyatın yenidən canlanması Qubadlının gələcəyinə dair ümidləri daha da artırır",- deyə Ə.Məhərrəmzadə vurğulayıb.
Deputat əlavə edib ki, 25 oktyabr – Qubadlı Şəhəri Günü azadlıq uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizin fədakarlığını qiymətləndirmək və Vətən uğrunda göstərilən qəhrəmanlığı unutmamaq günüdür. Bu tarix xalqımızın birliyini, torpağa bağlılığını və doğma yurda qayıtmaq əzmini təcəssüm etdirir.
Qubadlı azaddır, Qubadlı dirçəlir, Qubadlı öz doğma sakinləri ilə yenidən gələcəyə doğru addımlayır!