Qum-çınqıl istehsalçıları ilə müvafiq dövlət qurumları arasında müzakirələr aparılıb
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də “Qum-çınqıl hasilatı üzrə mövcud çətinliklər, biznes imkanları və perspektivlər” mövzusunda forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, KOBİA-nın dəstəyi və Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının tərəfdaşlığı ilə təşkil olunmuş tədbirdə qum və çınqıl istehsalı ilə məşğul olan və bu məhsulların təchizatçıları, sektor üzrə ictimai təşkilatlar və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun qum və çınqıl istehsalı sahəsində mövcud vəziyyətin öyrənilməsi, çətinliklərin müəyyənləşdirilməsi və səmərəli həll yollarının tapılması, eləcə də qum-çınqıl ehtiyatlarından səmərəli istifadə olunması üçün dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, ölkəmizin faydalı qazıntılarla zəngin ehtiyatları, o cümlədən qum-çınqıl mədənçıxarma sənayesi iqtisadiyyat, xüsusilə tikinti sektoru üçün əhəmiyyətlidir. Bu sahə ölkə iqtisadiyyatı üçün nə qədər gəlirli olsa da, prosesin ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirləri ilə uzlaşma çərçivəsində tənzimlənməsi vacibdir: “Daxil olmuş müraciətlər, keçirilmiş sorğu və görüşlər göstərir ki, sektorun inkişafında müəyyən çətinliklər mövcuddur. Qum və çınqıl hasilatı sahəsində qanunsuz sahibkarlıq fəaliyyətinin mövcudluğu haqsız rəqabətə və sektora sərmayə qoyan və leqal fəaliyyət göstərən biznes strukturlarının işinə çətinlik yaradır. Bəzi hallarda müvafiq sahə üzrə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı çətinliklər müşahidə olunur. Qanunvericilikdə nəzərdə tutulmuş qaydalar barədə məlumatsızlıq və maarifləndirmə işlərinin yetərsizliyi bəzən sahibkarlıq subyektləri üçün inzibati hüquq pozuntularına və cərimələrin tətbiqinə gətirib çıxarır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov qum-çınqıl və daş istehsalının inkişafı sahəsində görülən işlər, təbii ehtiyatların qorunub saxlanması və bu sahədə ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər barədə məlumat verib, görülən tədbirlərin şəffaflığın təmin edilməsi və fəaliyyətin qanunvericiliyə uyğun təşkilinə hesablanıb. Bildirilib ki, agentlik sektorun inkişafı və mövcud çətinliklərin həlli sahəsində sahibkarlarla sıx əməkdaşlıqda maraqlıdır.
Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Niyaməddin İskəndərov çıxışında müvafiq sektorun mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair məlumat verib.
Tədbir çərçivəsində sahibkarlar və dövlət qurumlarının nümayəndələri müvafiq sahə ilə bağlı müzakirələr aparıb, sektorun inkişafı barədə təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Forum pandemiya şəraitinın qaydalarına uyğun olaraq təşkil edilib.