Qusarda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir
Qusar, 30 mart (AZƏRTAC). Qusarda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Qusar şəhərindəki “Qanlı dərə”də qələbə qazanan Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuş, həmin döyüşdə həlak olmuş şəhidlərimizin, eləcə də 1918-1920-ci illərdə ermənilər tərəfindən soyqırımına məruz qalan soydaşlarımızın xatirəsini anmışlar.
Sonra mərasim rayon icra hakimiyyətinin binasında davam etdirilmişdir. Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərindən danışmış, bu faciələrin unudulmamasının və hadisələrin gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirmişdir.
Natiq soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzlərə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini bildirmişdir.
Çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini qeyd etmiş, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətini vurğulamışlar.