Qusarda intensiv və superintensiv meyvə bağlarının sahəsi 7 min hektardan çoxdur
Qusar, 1 avqust, Elxan Yusifli, AZƏRTAC
Qusarda intensiv bağçılığa maraq artıb. Təkcə cari ilin ötən dövrü ərzində rayonda 525 hektar sahədə intensiv və superintensiv meyvə bağı salınıb. Bununla da son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq, 7 min hektarı keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar rayonu üzrə ümumilikdə 13 min 600 hektar bağ sahəsi mövcuddur. Bu bağların yarıdan çoxu müasir üsulla becəriləm intensiv və superintensiv sahələrdir. Rayonda 2021-ci ildə 628 ha, 2022-ci ildə 411 ha, cari ilin ilk 7 ayında isə 525 ha intensiv bağ sahələri salınıb. Bu sahələrdə əsasən yerli və xaricdən gətirilmiş tinqlərdən istifadə olunub.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rauf Minhacov bildirib ki, ölkəmizdə, eyni zamanda, Qusar rayonunda intensiv bağçılığın inkişafı üçün böyük imkanlar, dövlət dəstəyi mövcuddur.
“Aqrar Subsidiya Şurasının qərarı ilə ölkəmizdə intensiv meyvə bağlarına görə subsidiyaların ödənilməsi fermerlərin bu sahəyə marağını daha da artırır. Rayonumuzda torpaq islahatları həyata keçirildikdən sonra, mövcud köhnə tipli, bioloji yaş həddini keçmiş ənənəvi bağların əksəriyyəti ləğv edilib və yerində müasir tipli intensiv və superintensiv tipli bağlar salınıb. Rayonda müasir meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqabətədavamlı məhsul istehsal etməkdir”,- deyə Rauf Minhacov söyləyib.
Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.
Təzə salınan intensiv bağ sahələrin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınması prosesində məlumat düzgünlüyünün təmin edilməsi məqsədi ilə Qusar DAİM-in mütəxəssisləri tərəfindən həmin bağ sahələrində monitorinq aparılır. Bundan sonra məlumatlar EKTİS-ə yerləşdirilir.