Qusarda uşaqların sosial müdafiəsi istiqamətində iki layihə icra olunur
Qusar, 25 iyun, AZƏRTAC
Qusarda uşaqların sosial müdafiəsi istiqamətində iki layihənin icrasına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, layihələrin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilir.
“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi” məqsədi ilə Qusarda yaradılan uşaqlar üçün Günərzi Mərkəzinə indiyə kimi 34 uşaq qəbul olunub.
Burada 3-12 yaşarası çətin həyat şəraitində olan uşaqların sosial kimsəsizliyinin profilaktikası və onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi zərurətinin minimuma endirilməsi üzrə sosial xidmətlər göstərilir.
Mərkəzlərdə sosial psixoloji, nevroloji, pedaqoji və digər xidmətlər göstərilməklə yanaşı, ailələrə hüquqi məsləhətlər də verilir.
“Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində fəaliyyət göstərən Sosial Reabilitasiya Mərkəzinə isə 50 nəfər əlilliyi olan uşağın qəbulu nəzərdə tutulub.
Bu mərkəzdə əlilliyi olan uşaqlara sosial-psixoloji reabilitasiya və abilitasiya xidmətləri göstəriləcək. Xidmətlər çərçivəsində uşaqlarla fərdi və qrup şəklində psixoloji məşğələlər keçirilir, həmçinin onların sosial ünsiyyət və özünəqulluq bacarıqları inkişaf etdirilir.
Layihənin məqsədi əlilliyi olan uşaqların sosial reabilitasiya xidmətləri ilə əhatə olunaraq, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.
Layihələrin icra prosesi ilə tanışlıq zamanı Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Hacıyev bildirib ki, uşaqların müdafiəsi və inklüziv cəmiyyətin formalaşdırılması dövlətin sosial siyasətinin əsas prioritetlərindəndir. Uşaqların sosial müdafiəsi məqsədilə belə mərkəzlərin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir və belə təşəbbüslər rayon rəhbərliyi tərəfindən hər zaman dəstəklənir.
Layihələr cari il dekabrın 31-dək davam etdiriləcək. Hazırda hər iki mərkəzə müraciətlərin qəbulu davam edir.
Müxbir – Elxan Yusifli