SİYASƏT
“Radio Classique”nun dinləyiciləri Qarabağ həqiqətləri barədə məlumatlandırılıblar
Paris, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun bu ölkənin “Radio Classique” radiosunda müsahibəsi yayımlanıb. Diplomat dinləyiciləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırıb.
O, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi və onun əzəli torpağı olduğunu, burada tarixən azərbaycanlıların məskunlaşdıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, 1990-cı illərin əvvəlində Ermənistan silahlı qüvvələrinin apardığı etnik təmizləmə siyasəti nəticəsində bu gün Dağlıq Qarabağda yalnız ermənilər yaşayır. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımı ermənilərin apardığı etnik təmizləmənin kulminasiya nöqtəsi oldu. Buna görə də bu gün işğal altında olan Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonda bir nəfər də olsun azərbaycanlı yaşamır. Azərbaycan ərazisinin 20 faizini təşkil edən bu torpaqlar de-fakto Ermənistanın nəzarəti altındadır.
Aprelin 2-də qoşunların təmas xəttində baş vermiş hadisələrlə bağlı səfir qeyd edib ki, Ermənistan silahlı qüvvələri ağır artilleriyadan intensiv atəş açaraq atəşkəsi pozub. Azərbaycan tərəfdən təmas xətti boyunca dinc əhalinin məskunlaşdığı kəndlər, qəsəbələr yerləşdiyinə görə erməni silahlı qüvvələri sərhədyanı bölgələrdə yaşayan dinc əhalini, xəstəxanaları, məktəbləri hədəfə alıb. Azərbaycan ordusu yalnız dinc əhali arasında qurbanlar olduqdan sonra cavab tədbirləri gördü. Ancaq bunlara baxmayaraq, Ermənistan yenə də özünü qurban kimi qələmə verərək, erməni lobbisi vasitəsilə bütün dünya, eləcə də Fransa mətbuatında və xarici siyasət dairələri yanında geniş dezinformasiya kampaniyası aparır. Diplomat Azərbaycanın öz ərazilərində müdafiə tədbirləri gördüyünü vurğulayıb.
Səfir bildirib ki, münaqişənin əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində olmasıdır. O vurğulayıb ki, beynəlxalq hüquq ilk növbədə ölkələrin ərazi bütövlüyü prinsipinə riayət olunmasını tələb edir. Helsinki Yekun Aktına görə xalqların öz müqəddəratını təyin etməsi yalnız ərazi bütövlüyünə xələl gətirmədən mümkündür.
Dağlıq Qarabağ münaqişəsinin həllində işğal edilmiş torpaqların geri qaytarılması, məcburi köçkünlərin öz doğma yurdlarına dönməsi, iki ölkə arasında kommunikasiyanın bərpası və qarşılıqlı etimadın yaradılmasının önəmindən danışan səfir ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Bildirib ki, yalnız Ermənistan silahlı qüvvələri işğal altında olan ərazilərdən çıxarıldıqdan sonra münaqişənin həllindən danışmaq mümkündür.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris