RAMİZ RİZAYEV: İQTİDARIN HƏRƏKƏTLƏRİ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNƏ OLAN TƏHLÜKƏYƏ QARŞI İDİ
R.Rizayev parlamentə şəffaf seçkilər üçün siyasi şəraitin təmin edilib-edilmədiyi və Azərbaycanda da “rəngli inqilab” təhlükəsinin olub-olmadığı barədə sualı şərh edərək demişdir ki, bu, İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra keçirilən ilk parlament seçkiləridir. Beynəlxalq birlik bu seçkilərə çox böyük maraq göstərir. Bunu demək kifayətdir ki, seçkilərə artıq 1500-dək beynəlxalq müşahidəçi, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan, MDB ölkələrindən, AŞPA-dan, habelə 20-dən çox ölkədən və milli təşkilatdan müşahidəçilər gəlmişlər. Bundan başqa, seçkilərdə 25 kütləvi informasiya vasitəsini təmsil edən 115 əcnəbi jurnalist işləyəcəkdir. Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan beynəlxalq təşkilatların və dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzindədir, onlar seçki kampaniyasının bütün incəliklərini və iqtidarın tədbirlərini diqqətlə izləyirlər. R.Rizayevin fikrincə, qarşıdakı seçkilər Azərbaycanda demokratiyanın kamilliyinin ciddi imtahanıdır və buna görə də hökumət seçkilərin ədalətli, demokratik şəraitdə keçməsinə çox böyük əhəmiyyət verir. Səfir demişdir: “Əminəm ki, iqtidar seçkilərin məhz belə keçirilməsi üçün mümkün olan hər şeyi edir. Sözlərimə misal olaraq Azərbaycan Prezidentinin Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı axırıncı sərəncamını göstərə bilərəm”.
R.Rizayev hakimiyyətin zorakılıqla ələ keçirilməsi yolu ilə dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və yüksək vəzifəli məmurların həbs edilməsi barədə sualla əlaqədar bildirmişdir ki, “iqtidarın bu istiqamətdə hərəkətləri Azərbaycan dövlətçiliyi üçün yaranmış təhlükəyə qarşı idi”. Səfir demişdir: “Əslində, Konstitusiyaya zidd hərəkətlərin və daxili siyasi vəziyyətin sabitliyinin pozulmasının qarşısını almağa yönəldilmiş qabaqlayıcı tədbirlər görülmüşdür. Konstitusiyanın təminatçısı olaraq, Prezidentin Azərbaycanda parlament seçkilərinin demokratik prinsiplərə və standartlara müvafiq surətdə təmin olunması üçün vəziyyətə müdaxilə etməkdən ötrü hər cür əsası və hüquqları var. Burada Avropa Şurasının baş katibi Terri Devisin söylədiyi sözləri xatırlatmaq yerinə düşərdi. O bildirmişdir ki, Azərbaycan Prezidentinin hərəkətləri demokratik prinsiplərə uyğundur. Bununla əlaqədar vurğulamaq istərdim ki, parlament seçkilərinin uğurla keçirilməsində Azərbaycan həmişəkindən daha çox maraqlıdır, çünki bu seçkilər respublikanın demokratik inkişafında və beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynamalıdır. Bu baxımdan Azərbaycan Prezidentinin seçki kampaniyasının uğurla başa çatması üçün sabit daxili siyasi vəziyyət yaradılması istiqamətindəki addımları vaxtında atılmışdır və hər cəhətdən dəstəklənməlidir.
Səfir Ukraynada baş vermiş hadisələrin Azərbaycanda da təkrarlanmasının real olmadığını nəzərə çarpdırmışdır. Onun sözlərinə görə, indiyədək keçirilən bütün ictimai rəy sorğuları sübut edir ki, Prezident İlham Əliyevin reytinqi son dərəcə yüksəkdir, hakim Yeni Azərbaycan Partiyasının qarşıdakı seçkilərdə qələbə qazanacağı isə məhz dövlət başçısının adı və fəaliyyəti ilə bilavasitə bağlıdır.
R.Rizayev demişdir: “Müxalifətə gəldikdə, əslində, onun xalq arasında dəstəyi yoxdur. Doğrudur, Azərbaycanın müasir tarixində müxalifətin öz mitinqlərinə milyonadək adam topladığı hallar olmuşdur. Bu, 1980-ci illərin axırları – 1990-cı illərin əvvəllərində baş verirdi. O vaxt respublikanın müqəddəratı həll edilirdi. Elə bir dövr idi ki, erməni təcavüzünün qarşısını almaq üçün bütün qüvvələri səfərbər etmək tələb olunurdu. Bu, həqiqətən, xalqın əsil birliyi dövrü idi. İndiki müxalifət isə iqtidarı tənqid etməklə, öz mitinqlərinə güc-bəla 5-10 min adam toplayır. Razılaşın ki, bu, müxalifətin xalq tərəfindən həqiqətən dəstəklənmədiyini və onun parlamentdə aparıcı qüvvə ola bilməyəcəyini göstərən rəqəmdir”.