Rayonlarda toxumluq əkin sahələrinin fitosanitar vəziyyəti və sort təmizliyi yoxlanılıb
Bakı, 19 iyun, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Qax, Şəki, Tərtər, Bərdə və Göygöl rayonlarında toxumluq buğda və arpa əkin sahələrinə baxış keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Şəki və Tərtər Bölgə Təcrübə stansiyalarında aparılan seleksiya işləri ilə tanışlıq olub, alimlər və mütəxəssislərlə görüşlər keçirilib. Görüşlər zamanı dənli-taxıl bitkilərinin ilkin toxumçuluğunun təşkili, eləcə də aqrar sahədə rəqəmsallaşmanın yaratdığı imkanlar və üstünlüklər barədə ətraflı məlumat verilib, onların təklif və fikirləri dinlənilib.
Qeyd olunub ki, məhsuldarlığın artırılmasında yerli iqlim şəraitinə uyğun, yüksək məhsuldar sortlardan, eləcə də sertifikatlı toxumlardan istifadə xüsusi əhəmiyyət daşıyır. Sertifikatlı toxumlar yüksək cücərmə qabiliyyəti və sort təmizliyi ilə seçilərək məhsulun keyfiyyətinin yüksəldilməsinə və məhsuldarlığın artırılmasına birbaşa təsir göstərir.
Əkin sahələrinə baxış zamanı sahələrin fitosanitar vəziyyəti, sort təmizliyi yerində qiymətləndirilib, fermerlərə müvafiq tövsiyələr verilib.
Toxum istehsalının artırılmasının, keyfiyyətli toxum təminatının gücləndirilməsinin və bu sahədə özünütəminat səviyyəsinin yüksəldilməsinin aqrar sektorun əsas prioritet istiqamətlərindən olduğu qeyd edilib. Bildirilib ki, bu məqsədlərə alim və fermerlərin birgə əməkdaşlığı nəticəsində nail olmaq mümkündür.