Region gəncləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsindən 32 il ötür. Bu qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, Azərbaycan gəncləri bu tarixi unutmur və faciə qurbanlarının xatirəsini hər il hüznlə anırlar.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən (GİKM) AZƏRTAC-a bildiriblər ki, tariximizin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar GİKM-in 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri tərəfindən silsilə tədbirlər keçirilib.
Region gəncləri əvvəlcə şəhər və rayon mərkəzlərində yerləşən Şəhidlər xiyabanlarını, 20 Yanvar abidələrini ziyarət edib, şəhid barelyefləri və abidələri önünə gül dəstələri düzərək dərin ehtiramlarını bildiriblər.
Nümayəndəliklərdə “20 Yanvar həqiqətləri”, “20 Yanvar - müstəqilliyə aparan yol” mövzusunda dəyirmi masalar, faciə şahidləri və tarixçilərlə görüşlər təşkil edilib, “20 Yanvar” mövzusunda gənclərin əl işlərindən ibarət rəsmlər sərgiləri açılıb, “Qanlı tarix”, “Tariximizin qəhrəmanlıq salnaməsi” mövzularında gənclər arasında inşa müsabiqələri keçirilib. Mərkəzlərdə “Qanlı Yanvar”, “20 Yanvar - danışan talelər”, “Silahdaşlar”, “Dolu”, “1990-cı ilin 20 Yanvar qəhrəmanları” filmləri nümayiş olunub.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan gəncliyi müstəqillik, vətənpərvərlik, Vətənə sonsuz sədaqət hissinin təməlini qoyaraq bu estafeti gələcək nəslə - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində misilsiz Zəfər çalmış gəncliyə ötürüblər. Bugünkü gənc nəsil 20 Yanvar faciəsinin canlı şahidi olmasa da, hər il dövlət səviyyəsində qeyd edilən və nəsildən-nəslə ötürülən bu tarixi qan yaddaşımız gənc nəslin formalaşmasında, müstəqilliyin bir hədiyyə olmadığının, onun daim qorunmasının vacibliyinin dərk edilməsində mühüm rol oynayıb. Bugünkü gənclər müasir geosiyasi proseslər fonunda milli maraqlarımıza qarşı yarana biləcək istənilən təhdidə qarşı hazırlıqlıdır və güclü siyasi liderin ətrafında sıx birləşiblər.