REGİONLARDA GƏNCLƏRİN BİZNES MƏRKƏZLƏRİ YARADILMIŞDIR
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də “Regionlarda Gənclərin Biznes Mərkəzlərinin yaradılması” adlı layihənin təqdimetmə mərasimi keçirilmişdir.
“Regionlarda gənclərin biznes mərkəzlərinin yaradılması layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu il aprel ayının sonlarından həyata keçirilməyə başlamışdır.
Layihə çərçivəsində Quba və Mingəçevir şəhərlərində Gənclərin Biznes Mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Sözügedən şəhərlərdə işsiz gənclərin siyahısı tərtib olunacaq, regionlarda açılacaq iş yerləri müəyyənləşdiriləcək, yeni açılmış iş yerləri və digər müəssisələrdə vakant yerlər barədə məlumat bazasının yaradılması həyata keçiriləcəkdir. Bununla bərabər iş elanlarının toplanması və yeni iş yerləri ilə bağlı elanların hazırlanması, müvafiq qruplar əsasında yayılması, işsiz gənclərin işlə təmin olunması üçün biznes strukturları ilə əlaqələrinin yaradılması da fəaliyyət planına daxildir.
Qeyd edilən şəhərlərdə fəal gənclər qrupları formalaşaraq onlar arasında “Komandada iş”, “Özünü təqdimetmə bacarıqlarının aşılanması”, “CV-nin hazırlanması qaydası”, “İşdə rəhbərliklə işgüzar münasibətlərin qurulması” kimi mövzularda treninqlər keçiriləcəkdir. Gələcəkdə təlim kurslarında biliklərə yiyələnən dinləyicilər həm özləri bu məlumatlardan yararlanacaq, həm də öz yaşıdları arasında həmin informasiyanı yayacaqlar. Daha geniş gənclər auditoriyası üçün mütəxəssislər “açıq qapılar”, “dəyirmi masalar” təşkil edəcək, biznes qurmaq istəyən gənclərə ilkin maddi dəstək üçün hara müraciət etmələri və cəlbedici, lakin real biznes planlarının hazırlanması istiqamətində kömək göstərəcəklər.
Layihə müddətində regional TV kanalları vasitəsilə gənclərin işlə təmin olunması və bu istiqamətdə müvafiq bacarıqları qazanmaq üçün informativ-maarifləndirmə verilişləri hazırlanacaqdır. Həmçinin orta məktəblərin yuxarı sinif şagirdləri ilə də görüşlər və seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Bu əlaqələrin əsas məqsədi yeniyetmələri gələcəkdə peşə seçimində kənar təzyiqlərdən azad, düzgün qərar qəbul etməyə istiqamətləndirməkdir.
Layihənin oktyabr ayında başa çatacağı gözlənilir.