Regionların tələbatına uyğun olaraq laboratoriyaların fəaliyyəti optimallaşdırılır
Bakı, 19 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyaların modernləşdirilməsi və optimallaşdırılması sahəsində mütəmadi olaraq tədbirlər görülür.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, keçən ilin yanvar-dekabr aylarında optimallaşdırma prosesi çərçivəsində regionlarda fəaliyyət göstərən laboratoriyaların kadr potensialı, maddi texniki bazası, yerləşdiyi regionun tələbləri, iş yükü və s. meyarlar üzrə diaqnostik qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə nəticəsində laboratoriyaların istiqamətinin dəyişdirilməsi və ya müayinələrin növlərinə uyğun olaraq ixtisaslaşdırılmasına dair qərar layihəsi hazırlanıb.
Ötən dövr ərzində ixrac potensialını artırmaq, nümunələrin daşınma mərhələsindəki yarana biləcək problemləri aradan qaldırmaq, sertifikatlaşdırma prosesini sürətləndirmək, regionlarda bitki, bitkiçilik məhsulları və karantin nəzarəti tədbirlərinin həyata keçirilməsini müntəzəm təşkil etmək məqsədilə Tovuz regional sınaq laboratoriyasının fitosanitar bölməsi təsis edilib.
Eyni zamanda, Gürcüstandan ölkəmizə idxal olunan qida məhsullarının, xüsusilə tez xarab olan məhsulların vaxtında laborator müayinələrə cəlb edilməsi məqsədilə Göygöl Regional Sınaq Laboratoriyasında qida məhsullarında mikrobioloji göstəricilər üzrə müayinələrin aparılmasna hazırlıq görülür.
Qeyd edək ki, yaxın zamanda Şəki və Şamaxı rayonlarında da regionun tələblərinə uyğun olaraq fındıq məhsullarında aflatoksin və aqrokimyəvi maddələrin müayinəsi sahəsində laboratoriyaların yaradılması nəzərdə tutulur.