Rektor Elçin Babayev: AMEA elmin hərəkətverici qüvvəsidir
Bakı, 7 oktyabr, AZƏRTAC
Elmi fəaliyyətin innovasiyaya çevrilməsi, elm-universitet-sənaye əməkdaşlığının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə deyib. O bildirib ki, bu yubiley bir qurumun deyil, Azərbaycan elminin, intellektual düşüncəsinin bayramıdır.
“Elmin idarəetmə mexanizmləri hər gün təkmilləşdirilir. Elmi fəaliyyətin innovasiyaya çevrilməsi, elm–universitet–sənaye əməkdaşlığının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin Sərəncamı ilə AMEA-nın strukturunda genişmiqyaslı dəyişikliklərin aparılması və dövlət tərəfindən elmi fəaliyyətin dəstəklənməsi tapşırılıb. Bu mühüm sənəddə akademiyada və ümumilikdə ölkəmizdə elmin inkişafı, elmi fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində mühüm qərarlar təsbit edilib”.
Rektor əlavə edib ki, AMEA elmin hərəkətverici qüvvəsidir: “AMEA və BDU-nun tarixləri bir-birini tamamlayır. Onlar yeni elmi nəslin formalaşmasına imkan yaradıb. Onlar ölkəmizin aparıcı dayaqları, bir-birini tamamlayan ictimai tərəfdaşlardır”.
E.Babayev bildirib ki, rəqəmsal proqramlar, beynəlxalq təcrübə mübadiləsi və startap təşəbbüsləri daha da genişləndirilməlidir: “Bu istiqamətlər effektiv mexanizmə çevrilməli, elmi fəaliyyətin inkişafını və yeni nəsil alimlərin formalaşmasını təmin etməlidir. Elmi tədqiqatlar həm milli prioritetlərə, həm də qlobal elmi trendlərə uyğun aparılmalıdır.
İqlim dəyişikliyi, süni intellekt, kosmik tədqiqatlar, nanotexnologiyalar, biotexnologiya, milli sənaye və təhsil innovasiyaları kimi istiqamətlər gələcək inkişafın əsas hədəfləri olmalıdır”.