Reqbi məşqçiləri üçün təlim keçirilib
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Reqbi Federasiyası və Bədən Tərbiyəsi və İdman Mütəxəssislərinin Təlim-Tədris və İnkişaf Mərkəzi tərəfindən Qəbələdə məşqçilik təlimi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, təlimin sonunda Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov, regionlar üzrə vitse-prezidenti Səbuhi Qarayev, federasiyanın baş katibi Əliniyaz Mirzəyev, Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Mərkəzin direktoru Miraqil Seyidzadə məşqçiləri sertifikatlarla təltif ediblər.
İştirakçılara Azərbaycan yığma komandasının baş məşqçisi Vaqif Səadətxan və "Qarabağ" klubunun rəhbəri “World Rugby Level 1 Coach" sertifikatının sahibi Eldar Kərimov nəzəri və praktiki təlimlər keçiblər.
Eyni zamanda üç gün davam edən təlimin sonunda federasiya rəsmiləri tərəfindən iştirakçılara reqbi topları və il ərzində ölkə yarışlarında qalib olmuş klublara fəxri fərmanlar təqdim edilib.