Rəşad Həsənov: Azərbaycan regional texnologiya mərkəzinə çevrilmək istiqamətində hədəflərini gücləndirir VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycanın qarşısına qoyduğu əsas strateji hədəflərdən biri regionun aparıcı regional texnologiya mərkəzlərindən birinə çevrilməkdir. Son illərdə bu istiqamətdə kifayət qədər böyük işlər görülüb, rəqəmsal infrastruktura böyük investisiyalar yatırılıb, Azərbaycanda yüksəksürətli internetin əlçatanlığı tam şəkildə təmin edilib.
AZƏRTAC xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 17-də keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.
Nazir müavini qeyd edib ki, dövlət xidmətlərinin rəqəmsallaşması prosesi davam etdirilib və eyni zamanda, yeni məlumat mərkəzlərinə, rəqəmsal platformalara investisiyalar yatırılıb. “Lakin, eyni zamanda, etiraf etməkdə fayda var ki, rəqəmsal infrastrukturla yanaşı, bu innovasiyaları dəstəkləyən institusional mühiti də daim inkişaf etdirmək tələb olunur. Əks halda, dünya çox sürətlə dəyişir və rəqabətdə ölkəmiz geri qala bilər. Ona görə də məqsəd, yəni texnologiya şirkətləri üçün Azərbaycana köçmək, investisiya yatırmaq üçün hüquqi və iqtisadi mexanizmləri artırmaq lazımdır”, - deyə o əlavə edib.
Fotoqraf – Aydın Məmmədov