Rəsədxana 20 nömrəli məktəb-liseylə əməkdaşlıq edəcək
Bakı, 20 aprel, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə Arif Hüseynzadə adına 20 nömrəli məktəb-lisey arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, memorandum çərçivəsində astrofizika və kosmologiyanın qarşılıqlı maraq doğuran sahələrində, elmin təbliği və populyarlaşdırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulub.
İmzalanma mərasimində çıxış edən məktəb-liseyin direktoru Esmira Ağayeva rəhbərlik etdiyi ümumtəhsil müəssisəsinin fəaliyyətində elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, məktəb-liseyin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya”da xüsusi istedadlı gənclərin ixtiraları bir çox yerli və beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülüb. E.Ağayeva qeyd edib ki, məktəbin nəzdində təşkil olunan Astronomiya dərnəyinin şagirdlərin fizika və astronomiya ilə bağlı müsabiqələrdəki uğurlarında xüsusi rolu olub. Şamaxı Astrofizika Rəsədxanası ilə əməkdaşlıq birgə uğurlara daha böyük töhfə verəcək.
Rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, elm təhsildən başlayır və öz sahəsində uğurlu fəaliyyəti ilə seçilən iki qurumun əməkdaşlığı olduqca əhəmiyyətlidir.
Sonra məktəb-liseyin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.