Respublika Narkoloji Mərkəzində QHT nümayəndələri ilə görüş keçirilib
Bakı, 11 dekabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.13-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində qeyri-hökumət təşkilatının (QHT) rəhbər və nümayəndələri üçün məlumatlandırıcı görüş təşkil edilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, görüşdə narkotik asılılığından müalicə və reabilitasiya prosesinin mərhələləri, diaqnostika, detoksikasiya, psixoterapiya və sosial adaptasiya mexanizmləri barədə geniş məlumat verilib. Həmçinin iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və praktiki nüanslar izah edilib.
Tədbirin məqsədi qeyri-hökumət təşkilatlarının nümayəndələrinin maarifləndirmə potensialını artırmaq, asılılıqdan müalicə və reabilitasiya prosesinin düzgün izahı üçün zəruri bilikləri onlara çatdırmaq, eyni zamanda, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığı gücləndirməkdir.