Rəşt görüşü Azərbaycan-İran tranzit əlaqələrinə yeni imkanlar açır
Bakı, 18 noyabr, AZƏRTAC
Xəzəryanı dövlətlərin region rəhbərlərinin görüşü qonşu ölkələr arasında kommunikasiya, ticarət, nəqliyyat və tranzit əlaqələrinin genişlənməsinə xidmət edir.
Bunu AZƏRTAC-a açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib. Onun sözlərinə görə, noyabrın 18-19-da İranın Gilan vilayətinin Rəşt şəhərində keçirilən toplantıda Xəzəryanı ölkələrin dənizkənarı regionlarının rəhbərləri iştirak edirlər. Görüşdə nəqliyyat-tranzit məsələləri, balıqçılıq, qarşılıqlı sərmayə yatırımları, ekologiya, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin infrastrukturu və digər mövzular müzakirə olunur. Səfir vurğulayıb ki, bu məsələlərin müzakirəsi qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə müsbət təsir göstərəcək.
Diplomat qeyd edib ki, İranın Azərbaycanla sərhəddə yerləşən Gilan vilayəti həmişə imtiyazlı və üstün mövqeyə malik olub. Limanları və tranzit yolları ilə bu əyalət beynəlxalq əlaqələrdə mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan ilə Astara gömrük-keçid məntəqəsinin açılması da vilayətin strateji əhəmiyyətini artırıb. Səfir əlavə edib ki, İran-Azərbaycan münasibətlərinin inkişafında Gilan vilayəti və Astara xüsusi rol oynayır.
“Belə görüşlər gələcəkdə daha yüksəksəviyyəli görüşlərin keçirilməsinə zəmin yaradır”, - deyə səfir bildirib. Onun sözlərinə görə, tədbir çərçivəsində “İnvestisiya və Regional İnkişaf”, “Ticarət, Sənaye, Kənd Təsərrüfatı və Turizm”, “Birgə İnvestisiya və Turizm Brendinqində Mədəniyyətin Rolu”, “Logistika və Şimal-Cənub Dəhlizinin İnkişafı”, “Dəniz Yolları və Quru Nəqliyyatı, Rabitə və Nəqliyyat Sahələrinin İnkişafı” mövzularında panel müzakirələri keçiriləcək.