Rəyasət Heyətinin iclasında qarşıda duran vəzifələr diqqətə çatdırılıb
Naxçıvan, 18 mart, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Novruz bayramının keçirilməsi və mənşəyinə dair” mövzusunda elmi məruzə edib. Məruzəçi bildirib ki, qədim dövrlərdən başlayaraq əcdadlarımız fəsillərin dəyişməsi məsələsinə biganə qalmayıb, təbiətdə baş verən dəyişiklikləri müxtəlif mərasim və bayramlarla qeyd ediblər. Novruz, susəpən, məhsul bayramı və çillə mərasimi məhz bu qəbildəndir. Türk etnosunun qədim tarixə malik təfəkkürünün məhsulu olan bu mərasimlərin bəziləri geniş qeyd edilsə də, bir qismi elmi ədəbiyyatlarda qorunub saxlanılır. El arasında müvafiq olaraq “Əzəl (yaxud Yalançı)”, “Külə”, “Quyruqlu (yaxud Qara)” və “İlaxır çərşənbəsi” kimi də tanınan Novruz çərşənbələrindən bəhs edən tədqiqatçı bu mərasimlərin Naxçıvanda qeyd olunması məsələsinə toxunub.
Tədqiqatçı məruzəsində, həmçinin Novruz bayramının mənşəyi, çərşənbələrin keçirilmə ardıcıllığı, ədəbiyyatlarda mövcud olan yanaşmalara aydınlıq gətirib, bəzi mərasim atributlarının qədim türk inanc sistemi ilə əlaqəsindən bəhs edib.
Sonda mövzu ilə bağlı dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrinin şöbə və laboratoriyalarının komplektləşdirilməsinə diqqətin artırılması məsələsinə toxunan akademik İsmayıl Hacıyev bölmə üçün yeni kadrların cəlb olunması, gənc tədqiqatçıların formalaşdırılması üçün atılan addımlardan danışıb.
İclasda, həmçinin AMEA Naxçıvan Bölməsinə 2021-ci üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul imtahanında uğurlu nəticə göstərmiş dissertantların tədqiqat mövzuları, eləcə də gündəlikdəki digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.