Reyhan Camalova: Ən böyük arzum bəşəriyyət üçün faydalı işlər görməkdir VİDEO
Azərbaycanı irimiqyaslı beynəlxalq sammitdə uğurla təmsil edən Reyhan Camalova təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb
Bakı, 2 dekabr, Xanım Nağıyeva, AZƏRTAC
Dünyanın diqqətini çəkən 15 yaşlı azərbaycanlı ixtiraçı Reyhan Camalova həm ölkə, həm də dünya mətbuatının gündəminə düşdü. O, Hindistanın Heydərabad şəhərində keçirilən və 150 ölkə sahibkarlarının iştirak etdiyi Qlobal Sahibkarlıq Sammitində (GES) öz ixtirası ilə bütün nəzərləri Azərbaycana yönəltdi. "Rainergy" ixtirası ilə ABŞ Prezidenti Donald Trampın baş müşaviri və prezidentin sammitdəki nümayəndəsi İvanka Trampın da dəstəyinə nail olan Reyhan Bakıdakı "İstək" liseyinin 9-cu sinif şagirdidir.
Reyhan hələ uşaqlıqdan ixtira və kəşflərlə maraqlanırdı
Dekabrın 1-də Hindistandan Bakıya qayıdan Reyhanla təhsil aldığı liseydə görüşdük. O, AZƏRTAC-a eksklüziv müsahibəsində 6-cı sinfədək Quba şəhər 2 nömrəli təmayüllü liseydə təhsil aldığını, imtahan verərək "İstək" liseyində pulsuz təhsil haqqı qazandığını dedi.
Reyhan uşaqlıqdan yeni ixtiralara və kəşflərə maraq göstərib və bu yolda ailəsindən böyük dəstək alıb. “Atamla bir çox sənədli və elmi-fantastik filmləri izləyirdik. Həmişə fikirləşirdik ki, insanlar günəşdən, küləkdən və digər alternativ mənbələrdən enerji alırlar, bəs nəyə görə, bu enerji yağış suyundan alınmasın? Mənim "Rainergy" ixtiram əsasən yağışlı ölkələr üçün nəzərdə tutulub. Hazırda qurğunun prototipi var. Bu prototip 22 led lampanı yandırır ki, bu da təxminən 22 volt enerji deməkdir”, - deyə Reyhan bildirdi.
İvanka Trampın diqqətində olduğum barədə əvvəlcədən rəsmi e-mail almışdım
Qlobal Sahibkarlıq Sammitinin gözlədiyindən də yaxşı keçdiyini vurğulayan Reyhan Hindistanda mehribanlıqla qarşılandıqlarını dedi: “Sammitdən iki saat əvvəl mənə rəsmi e-mail gəlmişdi. Orada deyilirdi ki, ABŞ Prezidentinin baş müşaviri və dövlət başçısının qızı İvanka Trampın diqqətindəsiniz və o, ixtiranızla bağlı adınızı çəkəcək. Çox həyəcanlandım. İvanka Tramp məni təqdim edəndə isə bu həyəcanın yerini qürur tutdu. Çünki ölkəmə kiçik də olsa, xeyrim dəydiyini düşündüm. İnvestorların layihəmə göstərdiyi maraq məni daha çox sevindirdi. Bu ixtira Hindistan mediasında da böyük ajiotaj yaratdı”.
Qurğuya investisiya qoymaq istəyənlər oldu
“Social Innovation Lab”ın rəsmi təşkilatçılığı ilə keçirilən “ClimateLaunchpad” startap akselerator proqramının məzunu olan Reyhan Camalova Qlobal Sahibkarlıq Sammitində mentoru Leyla Tağızadə ilə birlikdə iştirak edib. O, ixtirasının 1500 iştirakçı tərəfindən təqdim olunan layihələr arasında fərqlənməsindən böyük qürur duyduğunu bildirdi: “Biz gələcəkdə bu qurğu üzərindən biznes qurmaq istəyirik. Sammitdə əsasən Hindistan və digər ölkələrdən qurğu ilə maraqlananlar, investisiya qoymaq istəyənlər oldu. Bu cihazın əslini hazırlamaq üçün investisiyaya ehtiyac var. Ümid edirəm ki, layihəmiz üçün investisiya ala biləcəyəm. Hazırda təhsilimi davam etdirmək və layihəni genişləndirmək istəyirəm. Fəxr edirəm ki, öz ölkəmə gözəl xəbərlərlə qayıtmışam”.
Reyhanın uğuru lisey üçün böyük fəxrdir
“İstək” liseyinin müdir müavini, Reyhanın müəllimi Ayaz Məmmədov deyir ki, 15 yaşlı şagirdinin belə genişmiqyaslı sammitdə fərqlənməsi lisey üçün də böyük fəxrdir: “Reyhan məktəbimizə yüksək nəticə ilə qəbul olub, tam təqaüdlə təhsil alır. Məktəbdaxili imtahanlarda həmişə birincilik qazanır. Liseyimiz istedadlı gənclərin üzə çıxarılmasına, onlara dəstək göstərilməsinə hər zaman önəm verir. Ümid edirik ki, Reyhanın uğurları davamlı olacaq”.
Reyhanın ən böyük arzusu bəşəriyyət üçün faydalı işlər görməkdir. Özünün dediyi kimi, artıq bu yolda ilkin addımlarını atmağa başlayıb. Biz də bu nəcib yolda ona uğurlar diləyirik.