“Reykyavik Qlobal Forumu-2021”-də Qarabağın yenidən qurulmasından bəhs olunub
Bakı, 13 noyabr, AZƏRTAC
"Qadın Siyasi Liderlər" beynəlxalq təşkilatı tərəfindən keçirilən “Reykyavik Qlobal Forumu-2021” tədbirinə yekun vurulub. Ölkəmizi bu mötəbər tədbirdə Milli Məclisin deputatı Könül Nurullayeva təmsil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə "Nəsil bərabərliyi", "Sağlam qadın, sağlam iqtisadiyyat: siyasi yeniliklər və həll yolları", "İqlim üçün innovasiyalar: sahibkarlar planeti necə qoruya bilər?", "Gender bərabərliyi üçün özəl sektorun önəmi: nəsil bərabərliyi imkanı", "Təhlükəsiz gələcək üçün immunitetin gücləndirilməsi" kimi mühüm mövzular müzakirə olunub.
Forum iştirakçıları arasında BMT baş katibinin müavini Əminə Ceyn Məhəmməd, Avropa İnvestisiya Bankının rəhbəri Şiva Dustdar, Argentinanın sabiq xarici işlər naziri, "Qlobal Qadın Liderlərinin Səsi" təşkilatının qurucusu Susana Malkorra, İslandiyanın birinci xanımı Eliza Reid, "Google" şirkətinin vitse-prezidenti Jakqulin Fuller, NASA-nın direktor müavini Andrea Razzaqi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet, "Huawei" şirkətinin vitse-prezidenti Afke Şart, Mavritaniyanın Prezidenti Amina Qurib-Fakim, habelə bir çox ölkələrin tanınmış siyasətçiləri, deputatları yer alıblar.
K.Nurullayeva forumda bəyanatla çıxış edərək inklüziv və güclü cəmiyyət yaratmaq məqsədilə Azərbaycanda qadınların məsələləri üzrə icra olunan qanun layihələrindən bəhs edib. Ölkəmizdə qadınların dövlət idarəçiliyində fəal iştirak etdiyini diqqətə çatdıran K.Nurullayeva vurğulayıb ki, ölkəmizdə gender siyasəti uğurla həyata keçirilir, bu sahədə qanunvericilik bazası ilbəil təkmilləşdirilir.
Deputat Ermənistanın 30 ilə yaxın apardığı işğal siyasəti səbəbindən qadınlar da daxil olmaqla minlərlə soydaşımızın məcburi köçkün həyatı yaşamasını diqqətə çatdırıb. 2020-ci ildə Zəfərimizdən sonra işğaldan azad edilən ərazilərdə “ağıllı” kəndlərin, beynəlxalq hava limanlarının inşa edildiyini, infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edən K.Nurullayeva Qarabağın yeni ümidlər, imkanlar və başlanğıclar bölgəsinə çevrildiyini vurğulayıb. Bildirilib ki, Qarabağın yenidən qurulması uzun illər yurd həsrəti çəkən qadınlarımızın, analarımızın həyatını müsbət mənada dəyişdirəcək.