Rezidenturaya qəbul olunmaq istəyənlər üçün yeni sınaq imtahanına qeydiyyat başa çatır
Bakı, 2 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olunmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə yeni sınaq imtahanına qeydiyyat başa çatır.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanı martın 3-də mərkəzin Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanındakı binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və birinci növbə imtahanı saat 10:00-da, ikinci növbə isə saat 14:00-da başlanacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər müvafiq olaraq martın 3-də saat 09:00-da və 13:00-dək DİM-in internet saytında qeydiyyatdan keçməklə imtahana yazıla bilərlər.
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
İmtahanda iştirak etmək istəyənlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar.
Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcək.