RF DÖVLƏT DUMASI AVROPA PARLAMENTİNİN VƏ ATƏT-İN BİR SIRA NÜMAYƏNDƏLƏRİNİN FƏALİYYƏTİNDƏN NARAZIDIR
Ukraynada hadisələrin gedişinə pozucu təsir göstərməyə çalışan kənar qüvvələr vəziyyətin hüquqi məkan çərçivəsindən kənara çıxmasına görə bilavasitə məsuliyyət daşıyırlar. AZƏRTAC-ın İTAR-TASS Agentliyindən aldığı xəbərə görə, bunu Dövlət Duması “Ukraynada vəziyyətin inkişafına kənardan pozucu müdaxilə cəhdləri haqqında” dekabrın 3-də qəbul etdiyi bəyanatında bildirmişdir.
Bəyanatda deyilir: “Deputatlar Avropa Birliyinin, o cümlədən Avropa Parlamentinin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı orqanlarının, xüsusən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bir sıra nümayəndələrinin fəaliyyətini getdikcə artan təşvişlə izləyirlər”.
Deputatlar bildirmişlər ki, onların birtərəfli münasibəti, o cümlədən müxalifətin namizədi tərəfdarlarının hakimiyyətə misli görünməmiş təzyiqinə prinsipial qiymət verməməsi, əslində, Ukrayna əhalisinin radikal ovqatlı hissəsini təhlükəli əməllərə sövq edir ki, bu da kütləvi iğtişaşlara, qarmaqarışıqlığa və ölkənin parçalanmasına gətirib çıxara bilər.
Bəyanatda nəzərə çarpdırılır ki, bunun təkcə Ukrayna üçün deyil, Rusiya, bütün Avropa və ümumən, beynəlxalq birlik üçün ən pis nəticələri olacaqdır. Rusiya parlamentinin üzvləri Ukraynada ictimai-siyasi vəziyyətin inkişafı ilə əlaqədar ciddi narahatlıq keçirdiklərini bildirərək vurğulamışlar ki, müxalifətin “küçə demokratiyası”na, Ukrayna prezidentinin seçkiləri ilə bağlı uzun sürən böhrana arxalanması siyasi qarşıdurmanın daha kəskin mərhələyə keçməsinə zəmin yaradır.