Rimas Kurtinaytis: Son illər Azərbaycan basketbolunda vəziyyət müsbətə doğru dəyişib
Bakı, 30 yanvar, AZƏRTAC
“18 ildən sonra Azərbaycana qayıdıram. Əvvəllər burada fəaliyyət göstərdiyim üçün ölkə basketboluna bələdəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah” basketbol klubunun yeni baş məşqçisi Rimas Kurtinaytis Litva mətbuatına açıqlamasında deyib.
63 yaşlı mütəxəssis son illər Azərbaycan basketbolunda vəziyyətin müsbətə doğru dəyişdiyini bildirib: “Əvvəlki illərlə müqayisədə daha rəqabətli liqa yaradılıb. Çempionatın yeni klubu “Sabah” yarandığı ilk ildəcə qızıl medallara sahib çıxıb. Bu klub Litvanın aparıcı komandalarından fərqli olaraq, yeni legionerlər transfer etməyə hazırdır”.
2002-2006-cı illərdə Azərbaycan millisinə və “Qala” klubuna başçılıq etmiş R.Kurtinaytis ölkəmizdəki karyerasını da xatırlayıb: “Burada hər şeyə sıfırdan başlamışdıq. Liqa və milli komandanı formalaşdırdıq. 2005-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olduq. Yeri gəlmişkən, yarımfinalda bir neçə ildən sonra Olimpiadaya lisenziya qazanan İran millisini məğlub etmişdik”.
Qeyd edək ki, Rimas Kurtinaytis “Sabah”la 1,5 illik müqavilə imzalayıb.