Rio-de-Janeyro Federal Universitetində Xocalı soyqırımından bəhs edilib
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Braziliyadakı səfirliyi Rio-de-Janeyro Federal Universiteti ilə birgə bu ali təhsil müəssisəsində “Hərbi münaqişələrin həllində qanun aliliyinin və ədalətin rolu” mövzusunda tədbir keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Rio-de-Janeyro Federal Universitetinin professor və tələbə heyəti, Rio-de-Janeyro şəhərinin ictimai-siyasi, elmi-akademik dairələrinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Xocalı soyqırımı haqqında məlumat verərək, bu cinayətin müəllifləri, onun kvalifikasiyası və ona münasibətdə beynəlxalq hüquqi məsuliyyətin müəyyənləşdirilməsi barədə danışıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə, o cümlədən Braziliyada həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasından bəhs edib.
Rio-de-Janeyro Federal Universitetinin professoru Aleksandr Jebit Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Braziliyada yayılmasında bu tədbirin önəmini vurğulayaraq, erməni təcavüzü nəticəsində Azərbaycanın qarşılaşdığı ağır vəziyyət barədə danışıb.
Sonra səfir E.Sultanov Xocalı faciəsi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, mahiyyəti, münaqişənin həlli üzrə danışıqlar prosesi və digər məsələlər barədə sualları cavablandırıb.
Tədbirin sonunda iştirakçılara Xocalı soyqırımı haqqında portuqal dilində materiallar təqdim olunub.