RİQA, SESİS, YURMALA VƏ LİYEPAYA 2014-CÜ İL AVROPANIN MƏDƏNİYYƏT PAYTAXTI TİTULUNA İDDİA EDİRLƏR
LETA informasiya agentliyindən AZƏRTAC-a bildirmişlər ki, Latviyanın Mədəniyyət Nazirliyində Avropanın mədəniyyət paytaxtı titulunu almağa müsabiqə ərizələrinin qəbulu başa çatmışdır. 2014-cü ildə Latviya şəhərlərindən biri bu titulu alacaqdır. Dörd şəhər - Riqa, Liyepaya, Yurmala və Sesis müsabiqəyə öz ərizələrini vermişdir.
Müsabiqə ərizələrinin qiymətləndirilməsi iki mərhələdə keçiriləcəkdir. Namizədlərin proqramın məqsədlərinə uyğun olmasını xüsusi münsiflər heyəti qiymətləndirəcəkdir. Münsiflər heyətinə mədəniyyət sahəsində 13 ekspert - Avropa İttifaqı və Latviya orqanlarının nümayəndələri daxildirlər. Birinci seçim mərhələsi dekabrın ortalarında keçiriləcəkdir. Bu mərhələdə hər şəhər öz prezentasiyasını təqdim etməlidir.
İkinçi seçim mərhələsi çərçivəsində finalçılar münsiflər heyətinin tövsiyələrinə müvafiq olaraq, öz ərizələrini təkmilləşdirməli və onları Mədəniyyət Nazirliyinə verməlidirlər. Latviyanın 2014-cü ildə Avropanın mədəniyyət paytaxtı olacaq şəhəri 2009-cu ilin sentyabrında elan olunacaqdır.
Bu titul müvafiq ildə mədəni tədbirlərin xüsusi proqramını təklif edən, mədəniyyət sahəsində dövlətlərarası əməkdaşlığı və ümumavropa səviyyəsində mədəniyyətlərarası dialoqu inkişaf etdirən şəhərə verilir. Proqramın əsas məqsədi mədəniyyət müxtəlifliyini inkişaf etdirmək və digər Avropa xalqlarının mədəniyyətləri ilə qarşılıqlı fəaliyyət göstərməkdir.
Avropanın mədəniyyət paytaxtı titulu hər il iki Avropa şəhərinə verilir. Bu, 2014-cü ildə Latviyanın və İsveçin şəhərləri olacaqdır.