SİYASƏT
Romina Xurşid Alam: Pakistan iqlim dəyişmələrindən əziyyət çəkən həssas ölkələrdən biridir
Bakı, 13 noyabr, AZƏRTAC
Pakistan iqlim dəyişmələrindən əziyyət çəkən həssas ölkələrdən biridir. Bununla mübarizədə ölkəmiz mühüm addımlar atmışdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam deyib.
“Bizim iqlimə uyğunlaşma planlarımız var. Bu problemin öhdəsindən gəlmək üçün bacardığımızı edirik. Biz planeti çirkləndirməsək də, iqlimdən əziyyət çəkən əsas ölkələrdən biriyik. Yaxın zamanlarda Pakistanda təbii fəlakətlər yaşansa da, biz dözümlü xalq olaraq bu çətinliklərdən çıxmışıq. Ancaq hələ də iqtisadi problemlərimiz var və diqqətimizi bu məsələyə yönəltməyə çalışırıq ki, biz böyük, güclü infrastrukturu necə qura bilərik? Biz bütün bölgə ölkələrinə belə bir yanaşma əldə etməyə çalışırıq ki, gəlin, birlikdə olaq, həll yolları və sülh məsələlərini müzakirə edək”, - deyə o bildirib.
Pakistan və Azərbaycanın çox güclü əlaqələri olduğunu söyləyən Romina Xurşid Alam deyib ki, biz qardaş ölkələrik və birlikdə çox güclüyük: “Mən çox şadam ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana səfər etdi. Prezidentlərimiz ikitərəfli görüşlər keçirdilər. Düşünürəm ki, Pakistanın və Azərbaycanın hərəkət etmək, işləmək və birlikdə olmaq üçün uzun və gözəl yolu var”.