RUMINİYADA 28 MAY – RESPUBLİKA GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 27 may (AZƏRTAC). Azərbaycanın Rumıniyadakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 91-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Tədbirdə “Azərbaycanın dünəni və bu günü” adlı fotosərgi və “Azərbaycan və Rumıniya - əbədi dostluq” sənədli filmi nümayiş etdirilmişdir. Filmdə Azərbaycanın tarixinə, zəngin mədəniyyətinə, füsunkar təbiətinə, son illər əldə olunan iqtisadi nailiyyətlərinə, Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq əlaqələrinə, Buxarest şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkın və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təntənəli açılış mərasimlərinə dair görüntülər əksini tapmışdır.
Qonaqlar rumın dilinə tərcümə edilmiş “Heydər Əliyev zəmanəmizin Atatürkü”, “Azərbaycanın qısa tarixi”, “Kitabi-Dədə Qorqud” salnaməsi, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması və “Qəzəllər”i, Bəxtiyar Vahabzadənin, Anarın, Elçinin, Çingiz Abdullayevin, Elçin İskəndərzadənin, Əli İldırımoğlunun kitabları ilə tanış olmuşlar.
Tədbirdə Rumıniyanın keçmiş prezidentləri İon İliesku və Emil Konstantinesku, Rumıniya hökumətinin üzvləri, deputatlar və senatorlar, siyasi partiyaların rəhbərləri, ictimai təşkilat və fondların üzvləri, ictimai xadimlər, diplomatlar, türk və tatar icmalarının təmsilçiləri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, Heydər Əliyev Fondunun və ARDNŞ-in Rumıniyadakı nümayəndəliklərinin əməkdaşları, Rumıniyada təhsil alan tələbələrimiz iştirak etmişlər.
Rumın, ingilis və türk dillərində çap olunan “Balkani şi Europa”, “Ultima ora”, “Nine O`clock”, “Diplomat Club”, “Replika”, “Hayat”, “Zaman”, “Anayurt”, “Qürbətçi” və s. qəzetlərində tədbir ilə əlaqədar xəbərlər dərc olunmuş, TVR, OTV, DDTV və B1 televiziya kanallarında Respublika günü münasibətilə Azərbaycan haqqında süjetlər efirə getmişdir.