Rumıniyanın “Evenimentul Zilei” qəzetində Xocalı faciəsi barədə məqalə dərc olunub
Buxarest, 21 fevral, AZƏRTAC
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balanın ölkənin “Evenimentul Zilei” qəzetində Xocalı faciəsinin 25-ci il ildönümü ilə əlaqədar “Xocalının qurbanları cəlladların cəzalandırılmasını gözləyir” başlıqlı məqaləsi dərc olunub.
Yazıda 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı alayı tərəfindən həyata keçirilən soyqırımı haqqında ətraflı məlumat verilir. Faciə zamanı uşaqların, yaşlıların və qadınların qəddarlıqla qətlə yetirildiyi diqqətə çatdırılır. Ermənilərin azərbaycanlılara qarşı illər boyu apardığı təcavüzkar siyasətindən danışılır.
Müəllif diqqətə çatdırır ki, Azərbaycanın ərazilərinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Məqalədə bildirilir ki, beynəlxalq təşkilatlar tərəfindən erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etmələri ilə bağlı bir çox qətnamə və qərarlar qəbul edilib. Diqqətə çatdırılır ki, aparıcı xarici KİV-lərdə ermənilərin Xocalıda törətdiyi soyqırımı geniş işıqlandırılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest