RUSİYA QUŞ QRİPİ İLƏ ƏLAQƏDAR TÜRKİYƏDƏ YARANMIŞ VƏZİYYƏTDƏN NARAHATDIR
Gennadi Onişşenko demişdir ki, o, yanvarın 7-də RF subyektlərinin baş dövlət sanitar həkimləri üçün nəzərdə tutulan göstəriş imzalamışdır. Sənəddə icra hakimiyyəti, səhiyyə orqanlarına və digər aidiyyətli orqanlara, ilk növbədə, xarici nəqliyyat əlaqəsini təmin edən təşkilatlara və turizm operatorlarına quş qripi ilə əlaqədar epidemioloji vəziyyət barədə məlumat verilməsinin, nəqliyyat vasitələrinin sərnişinlərinə nəzarətin gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılmışdır.
Göstərişdə insanların quş qripinə yoluxması halları qeydə alınmış ölkələrlə həmsərhəd ərazilərə xüsusi diqqət yetirilməsinin vacibliyi də vurğulanmışdır. Bu ölkələr arasında Ermənistan, Azərbaycan və Gürcüstanın da adları çəkilmişdir.
Rusiya həcc ziyarətinə gedən zəvvarların Azərbaycandan və Türkiyənin Ağrı əyalətindən keçən marşrutunun da dəyişdirilməsinin mümkünlüyünü nəzərdən keçirir.
Ölkə KİV-ləri bildirmişlər ki, Rusiya Azərbaycan və Gürcüstanla sərhəddə sanitar-epidemioloji nəzarəti gücləndirmişdir.