Rusiya səfirliyinin əməkdaşları əfsanəvi “Mixaylo”nun xatirəsini anıblar
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 105 illiyi münasibətilə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və səfirliyin əməkdaşları, həmçinin Azərbaycan Veteranlar Şurasının, MDB ölkələrinin diplomatik nümayəndəlikləri və Serbiya səfirliyinin nümayəndələri onun abidəsini ziyarət ediblər.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əfsanəvi qəhrəmanın abidəsinin önünə gül dəstələri qoyublar.
Xatırladaq ki, leytenant Mehdi Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakıda anadan olub. 1942-ci ildə Stalinqrad uğrunda döyüşlərdə iştirak edib, yaralanıb və əsir düşüb. Əsirlikdən qaçaraq yuqoslav partizanlarına qoşulub və Yuqoslaviya Milli Azadlıq Ordusunun xüsusi diversiya qrupunun komandiri olub.
1944-cü il aprelin 2-də Mehdi öz dostu Mirdaməd Seyidovla birlikdə İtaliyanın Triest şəhərindəki “Opçina” kinoteatrında mina quraşdırıb, nəticədə alman-faşist ordusunun 120 əsgəri məhv edilib, 220 nəfər yaralanıb.
1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə bir qrup partizanla mühasirəyə düşüb və qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. O, Sloveniyanın Şepovan kəndindəki qardaş məzarlığında dəfn edilib.
Əfsanəvi kəşfiyyatçı faşizmlə mübarizədə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.