Rusiya və Azərbaycan idmançıları ustalıqlarını birlikdə artırır
Moskva, 10 mart, AZƏRTAC
Birgə məşqlər təkcə yaxşı nəticələr qazanmağa kömək etmir, həm də iki ölkə arasında dostluğu gücləndirir.
Təxminən on il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev dövlət bayramları siyahısına hər il martın əvvəlində qeyd olunan Bədən Tərbiyəsi və İdman Gününü əlavə etdi. Bu günə həsr olunmuş çoxsaylı tədbirlər ölkədə sağlam həyat tərzi həvəskarlarının sayını artırmaq məqsədi daşıyır.
Nəticə göz qabağındadır: Birinci Avropa Oyunlarında ümumi medal hesabında Azərbaycan idmançıları yalnız rusiyalılardan geri qalaraq ikinci pilləni tutublar. İdmanda qızıl qayda var: güclü rəqiblə məşq elə, o zaman bəhrəni çox gözləməyəcəksən. Ola bilsin ki, məhz buna görə bir çox atletlər öz ustalıqlarını artırmaq üçün Rusiyaya gəlirlər. Azərbaycanı təmsil edən dünya çempionu, beynəlxalq dərəcəli idman ustası Qaraca İsmayılov da Taqanroqda, Eldar Maqdiyevin Kontaktlı əlbəyaxa döyüş Məktəbində məşq edir. Bu məktəbdə inkişaf etmək və əlavə vərdişlər qazanmaq üçün özünə layiqli rəqiblər tapıb. Gücləndirilmiş məşqlər idmançını arzusuna - Olimpiya oyunlarının qızıl medalına doğru aparır. Ciddi uğurlar üçün yaxşı təlim bazasını isə Q.İsmayılov vətənində əldə edib. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin əməkdaşları ilə söhbət zamanı çempion deyib: “Ölkəmizdə çox istedadlı idmançı gənclər yetişdirilir. Söhbət idman üçün cavabdeh olan bütün strukturların və şəxsən Respublika Prezidentinin məqsədyönlü, düşünülmüş siyasəti və birgə fəaliyyətindən gedir”.
Özünün rusiyalı məşqçisini Azərbaycan çempionu canlı əfsanə hesab edir. Dağıstan əsilli, FCF-MMA-nın Rusiya Milli Bölməsinin rəhbəri, FCF-MMA-nın qrand-ustası, qara kəmər, 6-cı dan sahibi Eldar Maqdiyev təkcə yetirmələrinin yaxşı fiziki və texniki hazırlığı üçün cavabdeh deyil, həm də gənclərə qaliblərə xas mənəvi keyfiyyətlər - inam və inad aşılayır. Onun şagirdləri arasında çempionlar, Rusiya və beynəlxalq yarışların qalibləri var.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktor müavini Denis Yakimenkonun fikrincə, bu, xalqlarımız arasında illərə söykənən qardaş əlaqələri, özü-özlüyündə təmiz döyüş ideyasını nüfuzdan salan qeyri-idman davranışına qarşı effektiv peyvənddir.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev qeyd edib: “Rusiya və Azərbaycanın vahid komandanı təmsil etdiyi sovet dövründə müxtəlif səviyyəli idmançıların birgə məşqləri praktikası yaranıb. Çox xoşdur ki, yaxşı ənənələr itirilməyib və idmançılara yeni uğurlar qazanmağa kömək edir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva