RUSİYADA “XOCALIYA ƏDALƏT” BEYNƏLXALQ KAMPANİYASINA START VERİLMİŞDİR
Moskva, 27 fevral (AZƏRTAC). Fevralın 27-də Moskvadakı “Bakı” kinoteatrında Rusiya Azərbaycanlı Gəncləri Təşkilatının (AMOR) və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının, həmçinin kampaniyanın saytının təqdimatı keçirilmişdir.
Tədbirin rəsmi hissəsindən öncə kinoteatrın foyesində Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət” kampaniyasının plakatları, şamlardan düzəlmiş Azərbaycan xəritəsi kompozisiyası, məktəbli uşaqların rəsm sərgisi və “DUA” filmi nümayiş etdirilmişdir.
Təqdimat mərasimi Xocalı soyqırımı ilə bağlı çəkilmiş filmin nümayişi ilə başlamışdır.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva giriş sözü ilə çıxış edərək, Rusiya gənclər təşkilatlarının və Azərbaycan diasporunun nümayəndələrinə kampaniyaya qoşulduqlarına görə təşəkkürünü bildirmişdir.
Leyla Əliyeva Xocalı faciəsinin müasir tariximizin ən qanlı səhifəsi olduğunu vurğulamış, “Xocalıya ədalət” kampaniyasının tarixi ədalətə müsbət təsir göstərəcəyini bildirmişdir.
Sonra DƏ-İKGF-nin baş katibi Elşad İskəndərov kampaniyanın təqdimatını etmişdir.
O, təşəbbüsün əhəmiyyəti barədə danışmış, kampaniyaya 20-dən artıq ölkədə start verildiyini bildirmiş, həmçinin kampaniyanın məqsədləri və nəzərdə tutulan fəaliyyət formaları haqqında məlumat vermişdir.
Kampaniyanın Rusiya üzrə yerli əlaqələndiricisi Janna Krivolap kampaniyanın saytını təqdim etmişdir.
Tədbirdə yazıçı, professor Yuri Pompeyev çıxış edərək Xocalı faciəsinin insanlığa qarşı cinayət olduğunu vurğulamış və “Qarabağın qanlı çanağı” adlı kitabından söhbət açmışdır.
Sonda tədbir iştirakçıları kampaniyanın bəyannaməsini imzalamışlar.