Rusiyalı ekspert: Tezliklə AŞPA-nın mövcudluğunun da mənası qalmayacaq
Moskva, 24 yanvar, AZƏRTAC
AŞPA-nın anti-Azərbaycan ritorikası Avropa və ABŞ-da yaşayan erməni icmasının Qarabağın tamamilə Azərbaycanın nəzarəti altına qayıtması ilə barışa bilməməsi ilə əlaqədardır. Görünən odur ki, hələ də revanşist əhvali-ruhiyyə qalmaqdadır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Rusiyanın Siyasi Tədqiqatlar İnstitutu direktorunun müavini Darya Qrevtsova bildirib. O əlavə edib: “AŞPA-nın Azərbaycan əleyhinə qərarı hiyləgər strategiya, Avropada, ən başlıcası, Fransada fəaliyyət göstərən erməni lobbisinin siyasi kampaniyasıdır. Gördüyümüz kimi, erməni lobbisi Azərbaycanı səsvermə, öz fikrini söyləmək hüququndan məhrum etmək üçün hər cür vasitələrə əl atır. Təəssüf ki, müxtəlif təşkilatlarda fəaliyyət göstərən avropalı siyasi xadimlər bu siyasətə uyğun hərəkət edirlər. İndi də gördüyümüz kimi, AŞPA-da, Fransa Senatında, həmçinin Avropa Parlamentində anti-Azərbaycan ritorikası səsləndirilib. Bütün bunların səbəbi odur ki, Avropa və ABŞ-da yaşayan erməni icması Qarabağın tamamilə Azərbaycanın nəzarəti altına qayıtması ilə barışa bilmir. Görünən odur ki, hələ də revanşist əhvali-ruhiyyə qalmaqdadır və ya bu yolla sadəcə az da olsa, qisas almaq istəyirlər”.
Politoloqun sözlərinə görə, erməni icması anti-Azərbaycan çıxışları etməsi üçün avropalı siyasətçiləri satın alır. O vurğulayıb: “Belə hallar ilk dəfə baş vermir. Son vaxtlar antiterror tədbirlərindən sonra bu ritorika güclənib, ən əsası, bu bəyanatlar fransız siyasətçilərin və şəxsən Makronun özünün dilindən daha çox səslənir. Bildiyimiz kimi, Fransada böyük erməni icması mövcuddur. Bu icmanın üzvlərinin arasında Makronun seçki kampaniyasını maliyyələşdirən şəxslər, müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri də var. Bu səbəbdən onlar öz məqsədlərini asanlıqla - fransız siyasətçilərin deyil, bu ölkədə yaşayan erməni icmasının prizmasından həyata keçirirlər”.
D.Qrevtsova diqqəti avropalı siyasətçilərin Azərbaycanın müstəqil xarici siyasəti ilə barışa bilmədikləri faktına da çəkib: “Azərbaycan qalib ölkədir. Azərbaycan müstəqil siyasət yürüdən azad ölkədir. Əlbəttə, bu, Avropada zəif liderlərin xoşuna gəlmir. Avropanın da bir neçə onilliklər əvvəl malik olduğu gücü yoxdur. O, zəifdir və idarə olunur. Həmin zəif siyasətçilər İlham Əliyevə, sadəcə, paxıllıq edirlər, həm də yanlarında pul ödəməyə hazır olan erməni lobbisinin nümayəndələrinin olduğu şəraitdə Azərbaycanı haqsız çıxarmağa cəhd edirlər. Hərçənd həmin Avropa ölkələrinin hər birinin çoxlu problemləri var. Ancaq onlar ictimaiyyətin diqqət vektorunu başqa mövzulara, məsələn Azərbaycan və Qarabağla bağlı məsələlərə yönəltməyə çalışırlar. Bu, avropalı sakinləri az maraqlandırır”.
Azərbaycanın AŞPA-da üzvlüyünün məqsədəuyğun olması ilə bağlı sualı cavablandıran ekspert deyib: “Azərbaycan bu cür hücumlara alışıb. Ümumiyyətlə, tezliklə AŞPA-nın özünün də mövcudluğunun mənası qalmayacaq. Rusiyanı oradan xaric ediblər, potensial olaraq Azərbaycanı da səsvermə hüququnu əlindən alaraq çıxarmaq istəyirlər. AŞPA-nın qərarı çox az adamı maraqlandırır. Hazırda gördüyümüz kimi, qlobal səviyyədə bu təşkilat, sadəcə, öz məqsədlərini həyata keçirmək istəyən lobbiçi qrupların yığıncağına çevrilib. Əlbəttə, ona görə də onun fəaliyyətinin mənası itir. Yəqin ki, yaxın gələcəkdə bu təşkilat sıradan çıxacaqdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva