HEYDƏR ƏLİYEV - 1
Rusiyanın NTV telekanalında Ümummilli Lider Heydər Əliyev haqqında sənədli film yayımlanacaq
![Rusiyanın NTV telekanalında Ümummilli Lider Heydər Əliyev haqqında sənədli film yayımlanacaq](/files/2023/3/1200x630/17023020494499425561_1200x630.jpg)
Moskva, 11 dekabr, AZƏRTAC
Rusiyanın NTV telekanalında Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, NTV telekanalı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə “Liderin ürəyi” sənədli filmini nümayiş etdirəcək. Film TASS informasiya agentliyi Baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusman tərəfindən çəkilib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışına həsr olunmuş sənədli lentdə bu hadisənin dünya tarixində misilsiz hadisəyə çevrildiyi vurğulanır. Filmdə Mixail Qusmanın Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyr, Zbiqnev Bjezinski və digər dünyaşöhrətli siyasətçilərlə Heydər Əliyev haqqında söhbətləri, Ulu Öndərin Mixail Qusmana eksklüziv müsahibələri, dəyərli fikirləri, onun siyasi fəaliyyəti ilə bağlı olan nadir arxiv kadrları yer alıb.
Çəkilişlər Moskvada, Bakıda və Naxçıvanda aparılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən filmdə AZƏRTAC və AzTV-nin təqdim etdiyi arxiv materiallarından istifadə olunub.
“Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir. Film Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva