Rusiyanın xarici işlər naziri təbii fəlakətlər zamanı Azərbaycanın göstərdiyi yardımdan danışıb
Moskva, 29 mart, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində təbii fəlakətlər zamanı Azərbaycanın göstərdiyi yardımdan danışıb.
Nazir bildirib ki, fövqəladə hallar, o cümlədən ölkə ərazisində təbii fəlakətlər barədə söhbət gedəndə xarici tərəfdaşların Rusiya xalqı ilə həmrəyliyinin ifadəsinin çoxsaylı nümunələrini görürsən. Rusiya xarici siyasət idarəsinin başçısının sözlərinə görə, 2010-cu ildə torfluqlarda yanğının nəticələrinin ləğv edilməsi çərçivəsində Azərbaycan, Belarus, Ermənistan, İtaliya, Bolqarıstan, Qazaxıstan, Fransa, Polşa, Türkiyə və Latviyanın fövqəladə hallar xidmətləri tərəfindən yardım göstərilib. S.Lavrov deyib: “2012-ci ildə Azərbaycan ilə Belarus Krasnodar diyarının daşqından zərər çəkmiş əhalisi üçün Rusiyaya humanitar yardım göndəriblər”.
Rusiyanın beynəlxalq inkişaf layihələrinə hər il maliyyə vəsaiti ayırdığını vurğulayan RF XİN-in başçısı deyib: “Ölkəmiz istər MDB məkanında, istərsə də onun hüdudlarından kənarda yerləşən dövlətlər üçün beynəlxalq inkişaf layihələrinin maliyyələşdirilməsini xeyli artırıb. Rusiyanın beynəlxalq inkişafa dəstəyinin həcmi artaraq ildə 1,16 milyard dollar səviyyəsinə çatıb”.
Rusiyanın qonşu ölkələrə heç bir ərazi iddiasının olmadığını qeyd edən nazir deyib: “Rusiya sülhpərvər ölkədir. Bizim qonşu ölkələrə ərazi iddiamız yoxdur. Mehriban qonşuluq ruhunda tərəfdaşlıq münasibətləri qurmağımız üçün firavan və inkişaf edən ölkələrin əhatəsində olmaqda maraqlıyıq”.
S.Lavrov Rusiya, İran və Türkiyənin Suriya üzrə əməkdaşlığına da toxunaraq diqqətə çatdırıb ki, üç ölkənin fəaliyyəti Suriyada zorakılığın səviyyəsini xeyli azaltmağa imkan verib, bu ölkədə terrorçuların nəzarətində olan ərazinin azalmasına gətirib çıxarıb”.
Rusiyalı nazir deyib: “Rusiya İranın nüvə proqramı üzrə hərtərəfli razılaşmaların əldə edilməsində mühüm rol oynayır. Biz bundan çıxış edirik ki, bu razılaşmaların ardıcıl həyata keçirilməsi nəinki nüvə silahının yayılmaması rejiminin sabitləşməsinə kömək edir, həm də istər dünya işlərində, istərsə də Yaxın Şərqdə təhlükəsizliyin möhkəmlənməsinə xeyli töhfə verir”.
Bu gün Rusiya-İran qarşılıqlı fəaliyyətinin regional sabitliyin təmin edilməsi işində mühüm amil olduğunu vurğulayan S.Lavrov bildirib: “Bizim əsas prioritetimiz ilk növbədə Suriyada beynəlxalq terrorizmə qarşı mübarizə aparmaqdır. Moskva, Tehran və Ankaranın birgə addımları sayəsində Suriyanın hökumət qoşunları ilə silahlı müxalifətin bir sıra qruplaşmaları arasında atəşkəs əldə edilib, bu rejimə nəzarət mexanizmi yaradılıb”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva