Rusiyanın xəbər portalında Azərbaycan haqqında məqalə yerləşdirilib
Bakı, 20 may, AZƏRTAC
Rusiyanın “azj.rus4all.ru” xəbər portalında Azərbaycan haqqında məqalə yerləşdirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə ölkəmizin turizm imkanlarından bəhs olunur. Bildirilir ki, Azərbaycan hələ SSRİ dövründən termal suları və turizm marşrutları ilə məşhur olub. Şərqin “mirvarisi” adlandırılan Bakı fərqli zövqlərə malik turistlər tərəfindən hər zaman bəyənilib. Əvvəllər bu şəhərlə tanışlıq UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərdən başlanırdısa, bu gün turistlərin ilk olaraq üz tutduqları məkan Heydər Əliyev Mərkəzidir. Görkəmli memar Zaha Hadid tərəfindən tikilən bu bina dünya memarlığının nadir incilərindən biri hesab olunur.
Məqalədə “İçərişəhər” Tarix-Memarlıq Qoruğundakı 3 memarlıq abidəsinin - Qız qalası, Məhəmməd məscidi və Şirvanşahlar sarayının adı xüsusilə qeyd edilib, habelə bu ərazidə 600-dən çox memarlıq abidəsinin olduğu bildirilib. Yazıda Miniatür Kitab Muzeyi, Azərbaycan Xalça Muzeyi haqqında məlumatlar da yer alıb. Vurğulanıb ki, Azərbaycandakı möhtəşəm karvansaraylar və məscidlər, qədim məbəd və qayaüstü rəsmlərlə dolu mağaralar, məşhur İpək Yolu ticarət marşrutu, mənzərəli dağ kəndləri turistlərin yolunu gözləyir.
Məqalənin tam mətnini aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: http://azj.rus4all.ru/exclusive/20160510/726623560.html