Ruslan Atakişiyev: Maliyyə icarəsi haqqında qanun islaməsaslı lizinqə qapı açır
Bakı, 25 iyun, AZƏRTAC
Ölkəmizdə maliyyə icarəsi ilə bağlı təsdiq edilmiş yeni müqavilələr İslami icarə modelinin formalaşması və tətbiqi üçün geniş imkanlar yaradır.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, yeni hüquqi mexanizm şəxslərlə dövri icarə müqavilələrinin bağlanmasına şərait yaradır.
“Bu modelə əsasən, şəxs daşınar və ya daşınmaz əmlakdan istifadə etdiyi müddətdə aylıq icarə haqqı ödəyir, müddətin sonunda isə qalan məbləğ üzrə ayrıca alqı-satqı müqaviləsi bağlayaraq əmlakın sahibi olur. Əvvəllər də lizinq mexanizmləri, o cümlədən əməliyyat və maliyyə lizinqi mövcud idi. Maliyyə lizinqində də müştəri mərhələli ödənişlər etməklə sonda əmlaka sahib olurdu. Lakin həmin mexanizmlər İslam maliyyəsinin prinsiplərinin tam tətbiqi üçün uyğun hesab edilmirdi. Yeni qanunvericilik isə maliyyə icarəsi çərçivəsində iki müqavilənin bağlanmasına imkan verir və bu proses vergi baxımından da tənzimlənir”, - deyə mərkəz sədri vurğulayıb.
Ruslan Atakişiyev qeyd edib ki, bağlanan müqavilələrlə müştərilər iki üstünlük əldə edirlər: “Bir tərəfdən maliyyə əməliyyatları İslam prinsiplərinə uyğun həyata keçirilir, digər tərəfdən isə maliyyə icarəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə etmək imkanı yaranır. Artıq İqtisadi Resursların Öyrənilməsi Mərkəzi tərəfindən yeni qanunvericiliyə uyğun sənədlər hazırlanaraq bir icarə şirkətinə təqdim edilib və həmin şirkət fəaliyyətə başlayıb. Hazırda ölkədə İslam maliyyə icarəsi xidmətləri göstərən bir şirkət müştərilərinə bu məhsulu təqdim edir”.