Saatlı rayonunda oğurluq etməkdə təqsirləndirilən şəxs saxlanılıb
Bakı, 25 iyun, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini C.Xankişiyevə məxsus 10 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxs - əvvəllər məhkum olunmuş Sənan Aslanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, S.Aslanov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edərək, qonşusuna məxsus xırdabuynuzlu heyvanları oğurladığını və dəyərindən ucuz qiymətə satdığını deyib. Polis əməkdaşları heyvanların yerlərini müəyyənləşdirərək onları maddi sübut kimi götürüb və zərərçəkmişə təhvil verib.
Saxlanılan şəxslə bağlı aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən də oğurluq etdiyi müəyyənləşdirilib.
Faktlarla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb. S.Aslanovun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.