SAATLIDA DAŞQININ QARŞISININ ALINMASI ÜÇÜN İNTENSİV TƏDBİRLƏR GÖRÜLÜR
Saatlı, 13 may (AZƏRTAC). Saatlıda Kür çayında daşqınların törətdiyi fəsadların aradan qaldırılması üçün intensiv tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin, rayonun idarə, müəsissə və təşkilatlarının yüzdən çox texnikası daşqına qarşı mübarizə tədbirlərinə cəlb edilmişdir. Bu işlərdə yerli sakinlər də fəal iştirak edirlər.
Hazırda rayonda təhlükəli sahə Sarısu gölü ətrafındakı 5 kənddir. Bu kəndlərdə təqribən 6 min əhali yaşayır. Mütəxəssislərin rəyinə görə, bu kəndlərdə əhalinin köçürülməsinə hələ ehtiyac yoxdur. Çünki Sarısu gölü ətrafında 10 kilometrə yaxın qoruyucu bəndlər vardır. Hazırda bütün qüvvələr həmin bəndlərin gücləndirilməsinə yönəldilmişdir.
Mayın 12-də gecə Sarısu gölündəki mühafizə bəndlərindən birində yarılma əmələ gəlmişdir. Ancaq bu ətrafdakı kəndlər üçün qorxulu deyildir. Gölün suyu yaxınlıqdakı kollektorlarla kənara axıdılır, bəndin yarılmış hissəsi bərpa olunur.
Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından aldığımız məlumata görə, hələlik əhalinin bu ərazidən köçürülməsinə ehtiyac yoxdur. Daşqının qarşısını almaq üçün intensiv tədbirlər davam etdirilir, vəziyyət nəzarət altındadır.