Sabah bir sıra ali məktəblərdə dərslər onlayn keçiriləcək
Bakı, 23 fevral, AZƏRTAC
Hava şəraiti ilə əlaqədar sabah bir sıra ali məktəblərdə dərslər onlayn qaydada təşkil olunacaq.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Avrasiya Universitetində dərslər onlayn formatda keçiriləcək.
Bakı Dövlət Universitetində (BDU) və Azərbaycan Milli Konservatoriyasında fevralın 24-də dərslər hibrid formatda keçiriləcək. BDU-da əyani iştirak edə bilməyən tələbələr üçün dərslər “Blackboard” platformasında təşkil olunacaq. Konservatoriyada isə qrup dərsləri “Microsoft Teams” üzərindən onlayn, fərdi dərslər isə mümkün olduqda ənənəvi qaydada aparılacaq.
Eyni zamanda, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universitetində dərslər əyani qaydada davam edəcək.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 23-dən 24-nə keçən gecə havanın minimal temperaturu 3-5 dərəcə şaxta, 24-dən 25-nə keçən gecə isə 6-8 dərəcə şaxta olacaq.