Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanda aprelin 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 9-11, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurun bəzi yerlərində havanın arabir yağıntılı olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 16-21 dərəcə isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın az yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı bildirilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 17-22 dərəcə isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarda qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarda havanın az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 17-22 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı gözlənilir. Arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-11, gündüz 16-21, dağlarda gecə 4-6, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.