Sabirabadın Əliləmbəyli kəndinə təbii qaz verilib



Bakı, 15 mart, AZƏRTAC
Sabirabad rayonunun Əliləmbəyli kəndinin qazlaşdırılması yekunlaşıb. Bu münasibətlə kənd sakinləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) rəsmiləri ilə yanaşı, Sabirabad Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak ediblər. Kəndin daşıyıcı və küçə qaz xətlərinin çəkilişi üçün uzunluğu 32 kilometrədək müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunduğu diqqətə çatdırılıb. Bundan əlavə, kənddə şəhid və qazi ailələrinə məxsus 25 evin daxilinə qədər SOCAR “Azəriqaz” İB-nin daxili imkanları hesabına xətt çəkilib, sayğac quraşdırılıb.
Çıxış edənlər Əliləmbəyli kəndində həyata keçirilən qazlaşdırılma işlərinin vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardan biri olduğunu qeyd ediblər. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonra təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb. Məşəl yandırıldıqdan sonra kənddə evi təbii qazla təmin olunan sakinlərdən birinin evinə baxış keçirilib.