Şabran rayonunda çəyirtkələrə qarşı mübarizə tədbirlərinə başlanılıb VİDEO
Şabran, 9 iyun, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunu ərazisində yayılmış çəyirtkələrə qarşı mübarizə tədbirlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çəyirtkə dəstələri rayonun Hacıqaraqaşlı kəndi yaxınlığında, 10-12 hektar ərazidə müşahidə olunur.
Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində fəaliyyət göstərən qurumları tərəfindən çəyirtkələrin yayıldığı sahələrdə kimyəvi mübarizə tədbirləri aparılır. Çəyirtkələrlə mübarizədə xüsusi ultra kiçikhəcmli çiləyicilərdən istifadə edilir.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Yaqub Cəfərov bildirib ki, mübarizə tədbirləri ilə iki-üç gün ərzində çəyirtkələr tam zərərsizləşdiriləcək.
“Bizə Şabran rayonu ərazisində çəyirtkə dəstələrinin müşahidə olunduğu barədə məlumat verildi. Tərəfimizdən operativ reaksiya göstərilərək əraziyə xüsusi texnikalarımızı cəlb etdik. Müəyyənləşdirildi ki, ərazidə olan çəyirtkələr heç bir yerdən miqrasiya olunmayıb və bizim ərazi üçün xarakterik olan növdür. Kiçik ərazidə yayıldığından böyük təhlükə törətmirlər”, - deyə Y.Cəfərov söyləyib.
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 çağrı mərkəzinə məlumat verilsin.