CƏMİYYƏT
“Sağlam gələcəyimiz naminə” mövzusunda maarifləndirici tədbir
Bakı, 20 aprel, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə 34 saylı tam orta məktəbdə “Sağlam gələcəyimiz naminə” mövzusunda maarifləndirici tədbir keçirib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Azərbaycan Dillər Universitetinin psixologiya kafedrasının və rayon polis şöbəsinin məsul əməkdaşları iştirak ediblər.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkili barədə ətraflı məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilib.